Olimpiada 2017-nin onlayn turları sona çatdı!

Yeni xəbərlər üçün saytı izləməkdə davam edin!

LAYİHƏ HAQQINDA

“İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən Olimpiadaların
Ə S A S N A M Ə S İ
 
1. Ümumi müddəalar
1.1. Hazırki Əsasnamə - "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində gənclər arasında keçiriləcək Olimpiadaların (bundan sonra – Olimpiada) reqlamentini və keçirilmə qaydalarını müəyyən edir.
1.2. Olimpiada “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
1.3. Olimpiadanın Təşkilat Komitəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondunun nümayəndələrindən formalaşdırılır.
1.4. Olimpiada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və digər qanunla qadağan olunmamış mənbələrdən daxil olmuş vəsaitlər hesabına həyata keçirilir.
1.5. Təşkilat Komitəsinin sədri - Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevdir.
 
2. Olimpiadanın məqsəd və vəzifələri
2.1. Əsas məqsədlər:
2.1.1. Gənclər arasında elmi – texniki sahələrin təbliği;
2.1.2. Gənclərin elmi-yaradıcı təşəbbüslərinin artırılması;
2.1.3. Elm və texnika sahəsində istedadlı gənclərin üzə çıxarılması;
2.1.4. Gənclərin elmi və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, onların elmi araşdırma fəaliyyətinə cəlb olunması;
2.1.5. Müvafiq sahələr üzrə alim və mütəxəssislərin istedadlı gənclərlə işə cəlb olunmasıdır.
2.2. Əsas vəzifələr:
2.2.1. Gənclər arasında elmi – texniki sahələri təbliğ etmək;
2.2.2. Müxtəlif müsabiqələrdə gənclərin kütləvi iştirakını təmin etmək;
2.2.3. Elmi – texniki istedadı olan gəncləri seçmək;
2.2.4. Layihə iştirakçıları üçün keyfiyyətli təhsil və təlim proqramları təşkil etmək;
2.2.5. Seçilmiş istedadlar ilə alim və mütəxəssislər arasında bilik və təcrübə mübadiləsi platformasını yaratmaq ;
2.2.6. Seçilmiş istedadlı gənclərin regional və beynəlxalq müsabiqə və Olimpiadalarda iştirakını dəstəkləmək;
2.2.7. Qaliblərin elmi –texniki sahələrdə təhsilinə dəstək verməkdir.
 
3. Olimpiadada iştirak qaydaları
3.1. Olimpiadada 14-16 yaş arası Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.2. Olimpiadalar riyaziyyat, fizika və kimya fənləri üzrə aparılır.
3.3. Yeniyetmələr olimpiadada iştirak etmək üçün Təşkilat Komitəsi tərəfindən müəyyən edillmiş tarixlərdə www.istedad.az saytında qeydiyyatdan keçirlər.
3.4. Olimpiadalar online və əyani şəkildə keçiriləcək. Online mərhələlərdə yüksək bal toplayan iştirakçılar final (əyani) mərhələyə keçid alırlar.
3.5. Final (əyani) mərhələnin qalibləri Təşkilat Komitəsi tərəfindən elan olunacaqlar.
3.6. Olimpiadanın qalibləri arasında dövlət və özəl təhsil müəssisələrinin şagirdləri bərabər sayda olacaqdır.
3.7. Eyni ball toplamış şagirdlər arasında seçim imtahan suallarının həllinə sərf olunan vaxta müvafiq olaraq aparılacaqdır.
3.8. Olimpiadanın münsif heyəti hər hansısa bir iştirakçının qeyri-səmimiyyəti zamanı onun olimpiada nəticələrini ləğv etmək hüququna malikdir.
Qeyd: Olimpiadada müstəsna hal kimi 14 yaşınadək yeniyetmələrdə iştirak edə bilərlər.
 
4. Olimpiadanın keçirilmə müddəti və mərhələləri
4.1. Olimpiadanin keçirilmə tarixləri Təşkilat Komitəsi tərəfindən elan edilir.
4.2. İştirakçı və qaliblərin siyahısı Olimpiada bitdikdən 24 saat ərzində rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
 
5.Apelyasiya
5.1. Nəticələr ilə razı olmayan iştirakçılar nəticələr elan olunduqdan sonra 3 gün ərzində öz iradlarını Təşkilata Komitəsinə ünvanlaya bilərlər.
5.2. Apelyasiya sorğularına 10 gün müddətində baxılacaq və cavablandırılacaq.
 
6.Mükafatlandırılma
6.1. Qaliblər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələr ilə mükakfatlandırılacaqlar.
 
 
 
Təşkilat Komitəsinin ünvanı:
Bakı şəhəri, AZ 1072, Olimpiya küç.,4,
Tel: (+994 12) 465 64 43