Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Onlayn olimpiada lənkəranlı qıza həyatının ilk elmi uğurunu qazandırdı

Adətən gənclər özlərini müxtəlif yarışlarda sınamaq, öz güclərinə olan inamlarını artırmaq, imkanlarını real qiymətləndirmək istəyirlər. Bu, həm idman, həm bilik, həm də incəsənət sahəsində belədir. Təəssüf ki, həmişə buna imkan olmur - hər hansı bir yarışmaya qatılmaq üçün ya hansısa uzun-uzadı seçimlərdən keçməli olursan, ya da ümumiyyətlə belə yarışma olmur. Amma bəzən də buz sınır və hər kəsin qatıla biləcəyi hansısa bir müsabiqə ortaya çıxır və öz qüvvəni sınamağa imkan yaranır. Bax, bu məqamı düzgün qiymətləndirmək və dərhal yarışa qatılmaq lazımdır.
Lənkəran şəhəri 10 saylı orta məktəbin 10-cu sinif şagirdi Şərqiyyə Rəhimli də belə edib. O, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən onlayn olimpiadanın I-ci turuna qatılıb və mümkün 10 baldan 7-ni toplayaraq respublikanın hər yerindən olan 1700 şagird arasında 13-cü olub.

“Youthportal.az”a müsahibə verən lənkəranlı qız qazandığı uğurun sirlərinə bölüşüb.

- Necə oldu ki, onlayan olimpiadaya qatıldın?
- Məktəbdən məlumat verdilər, direktorumuz demişdi.
- İndiyə kimi belə bir olimpiadaya qatılmışdın?
- Sadəcə, rayon olimpiadalarına qatılmışdım. Keçən il bir dəfə uğur qazanıb ikinci tura keçmişdim.
- Amma bu sənin respublika səviyyəli ilk olimpiadandır və göründyü kimi, uğurlu olub. Bu necə baş verdi, xüsusi hazırlığın vardı, yoxsa məktəbdə öyrəndiklərin kifayət edirdi?
- Məntiqlə bağlı xüsusi hazırlığım olmamışdı. Belə, məktəbdə oxuduqlarım kifayət edirdi. Yəni adi riyaziyyatda nə keçirlər, sırf onlarla cavab vermişəm.
- Bəs evdə necə sənə kömək edən varmı?
- Xeyr, evdə bir anamdır, o da evdar qadındır. Yəni evdə mənə kömək edəcək elə bir adam yoxdur. Bütünlükdə, ailədə beş nəfərik. Anam, atam, bacım, qardaşım və mən. Bacım və qardaşım məndən kiçikdirlər. Qardaşım 7-də, bacım isə 1-ci sinifdə oxuyur. Atam isə ixtisasca hüquq-mühafizə işçisidir, Daxili İşlər Nazirliyindən təqaüdə çıxıb. Amma o, burada deyil, iş dalınca Rusiyaya gedib.
- Bəs sən böyüyəndə hansı peşəni seçmək istəyirsən?
- Mən həkim olmaq istəyirəm. Arzum cərrah olmaqdır.
- Hobbin varmı, dərsləri hazırladıqdan sonra nə ilə məşğul olursan?
- Məktəbdə ictimai-siyasi tədbirlərə qatılmağı çox sevirəm və fəal iştirak edirəm. Həm də rəssamlığa marağım var. Düzdür, rəssamlıqla bağlı xüsusi kurs keçməmişəm, amma əl qabiliyyətim var, uşaqlıqdan ona marağım olub.
- Onlayn olimpiadada iştirakın sənə faydası oldumu?
- Faydası əlbəttə var, ən azından məntiqimi yoxlamağa imkan verdi. Düşünürəm ki, iştirak etmiş hər bir kəs üçün faydalı olar. Yaxşı olar ki, belə olimpiadalar davamlı keçirilsin.

http://youthportal.az/az/news/detail.php?ID=26601&phrase_id=17046