Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Binəli yeniyetmə: Onlayn olimpiadada iştirak məntiqimi artırdı

Keçən əsrin sonlarına yaxın, konkret olaraq 1970-80-ci illərdə müxtəlif avia modellər yığmaq, təyyarə və helikopter modelləri ilə maraqlanmaq, “Gənc aviatorlar” kimi dərnəklərə yazılmaq məktəblilər arasında çox geniş yayılmışdı. Təəssüf ki, keçid dövründə bir sıra başqa mütərəqqi meyllərlə yanaşı, yeniyetmələrin bu prioriteti də arxa plana keçdi. Amma buna baxmayaraq, bu ənənələri bu gün də yaşadan romantik gənclər var və Bakının Binə qəsəbəsinin sakini, 136 saylı məktəbin 8-ci sinif şagirdi Cəfər Əliyev də belələrindəndir. Böyüəndə aviator olmaq istəyən binəli yeniyetmənin maraqlandığı başqa bir istiqamət isə məntiqdir.
Bu günlərdə qatıldığı bir yarışmada o, məhz məntiqi sahəsinə uğur qazanıb və respublikanın hər yerindən olan 1700 iştirakçı arasında 11-ci olub, həmçinin müsabiqədə iştirak edən Bakı məktəbliləri arasında ən yüksək nəticəni göstərib. Söhbət Gənclər və İdman Nazirliyi tərəfindən gerçəkləşdirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən onlayn olimpiadadan gedir. 2013-cü ilin aprel ayından keçirilməyə başlamış onlayn olimpiadanın məqsədi riyaziyyat, fizika, kimya və məntiq elmləri sahəsində istedadlı yeniyetmələri üzə çıxarmaqdır. Cəfər Əliyev olimpiadanın I-ci turunda mümkün 10 baldan 7-ni toplayraq liderlər qrupuna gilə bilib.

Binəli gəncin “Youthportal.az” saytına müsahibəsi məhz olimpiada barədə fikirlərindən başlayır.
- Olimpiadaya qatılmaq barədə qərarı özün verdin, yoxsa kimlərsə səni təşviq etdi?
- Özüm verdim, istədim ki, özümü sınayım. Məntiqlə bağlı bir imtahanı necə verə biləcəyimi öyrənmək istəyirdim.
- Olimpiada barədə necə xəbər tutmuşdun?
- İnternetdə görmüşdüm, amma istifadə qaydasını bilmədiyimə görə informatika müəllimimdən soruşdum. O da qeydiyyatdan keçməyin yollarını mənə başa saldı.
- Məktəbdə necə oxuyursan, əlaçısan?
- Yox, tam əlaçı deyiləm, dörd-beşlə oxuyuram.
- Buna qədər hansısa bir olimpiadaya qatılmışdın?
- Yox, bu mənim ilk imtahanım idi.
- Suallar xoşuna gəldimi?
- Gəldi, amma elə suallar da var idi ki, mənim biliyimdən yuxarı idi, yəni 9, 10 və 11-ci siniflər üçün nəzərdə tutulmuşdu. Mən özümə, yəni 8-ci sinifə aid olan sualları cavablandırdım. Yuxarı sinfə aid sullara isə cavabı sırf məntiqə əsaslanaraq yazdım. Yəni bu imtahan mənim üçün elə də asan gəlmədi. Buna görə çox ciddi yanaşdım.
- Sən fərdi hazırlaşırsan, yoxsa məktəb öyrəndiklərin sənə yetərlidir?
- İndiyə kimi fərdi hazırlıq, yaxud müəllim yanına getmək kimi bir təcrübəm olmayıb. Çünki buna imkanımız yoxdur. Elə nə öyrənmişəm, məktəbdə öyrənmişəm. Bir də bacılarım mənə kömək edir.
- Neçə bacın var ki? Onlar da məktəblidir? Valideynlərin hansı sahədə çalışır?
- İki bacım var. Atam sürücüdür, anam isə evdər qadın. Binədə həyət evində yaşayırıq. Bacılarım evimizə yaxında - Milli Aviasiya Akademiyasında oxuyurlar. Biri menecment ixtisasını, o birisi isə hidrometrologiyanı seçib.
- Bəs sən böyüyəndə hansı ixtisası seçmək istəyirsən?
- Mən də Milli Aviasiya Akademiyasına girmək, mühəndis və ya dispetçer olmaq istəyirəm.
- Hobbin varmı?
- Yay aylarında üzgüçülüyə gedirəm. Həm də təyyarələrlə maraqlanıram. Müxtəlif təyyarələrin modelləri məni maraqlandırır.
- Onlayn olimpiadaya qatılmaq səndə hər hansı dəyişiklik yaratdımı?
- İştirak etmək bəradə qərarımı çox doğru sayıram. Öz gücümə inamım artdı. Həm də cavabların üzərində çox düşünməli oldum. Hiss edirəm ki, onlayn olimpiadadan sonra məntiqim artıb.

http://youthportal.az/az/news/detail.php?ID=26515