Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Lənkəranın uğur bacıları onlayn olimpiadanın davamlı keçirilməsini istəyirlər

Lənkəran şəhər 10 saylı orta məktəbin 7-ci sinif şagirdi Nəzrin Eynizadə və 8-ci sinif şagirdi Nərmin Eynizadə bacıları indiyə kimi rayon və respublika səviyyəli çox yarışlara qatılıblar və çox vaxt da uğur qazanıblar, müxtəlif hədiyyələr alıblar.
Amma Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş “İstedadların hazırlığı laboratoriyası” layihəsinə qatılmalarına xüsusi önəm verirlər və 2013-cü ilin aprel ayında onlayn olimpiada vasitəsi ilə gerçəkləşdirilmiş layihədə yaradıcılığın, məntiqi düşüncənin daha çox olduğunu bildirirlər.
Əslində bu, layihnin əsas məqsədə doğru inamla irəllilədiyini bir daha sübut edir. Çünki layihənin məqsədi riyaziyyat, fizika, kimya və məntiq elmləri sahəsində istedadlı yeniyetmələri üzə çıxarmaqdır. Eynizadə bacılarının hər biri mümkün 10 baldan 8-ni toplayraq respublikanın hər yerindən olimpiadanın I-ci turuna qatılmış 1700 şagird arasında ilk onluğa düşüblər. “Youthportal.az” saytı bu iki bacının onlayn qonağı olaraq qazandıqları uğur barədə söhbətləşib.

- Siz bu cür uğur qazanacağınıza inanırdınızmı?
Nərmin: Biz əvvəllər də olimpiadalarda iştirak etmişdik. Ona görə də direktorumuz da, müəllimlərimiz də bu yarışda uğur qazanacağımıza inanırdılar.
Nəzrin: Biz təbii ki, əvvəl də yarışmalarda iştirak edib uğurlu nəticə əldə etmişdik. Ona görə bu yarışda nəticə əldə edəcəyimizə inanırdıq.
- Amma bir evdən iki bacı iştirak edirsiniz. Hər ikinizin eyni zamanda uğur qazanacağına da inanırdınız?
Nərmin: Biz əvvəllər də ikimiz eyni zamanda yarışmaya qatılmışdıq - İctimai Televiziyada “Aləm Ailəm” yarışmasına qatılmışdıq və orda da uğurlu nəticə əldə etmişdik, yarımfinala qədər irəliləyə bilmişdik. Orada ikimiz də uğurla çıxış etmişdik, Ona görə də öz biliklərimizə güvənirdik.
- Amma bununla belə, sizin öz aranızda rəqabət var. Sən nə düşünürsən, Nəzrin, belə rəqabət var?
Nəzrin: Bəli var. Həmişə dərsləri hazırlamaqda bir-birimizi keçməyə çalışırıq.
- Hansınız yaxşı oxuyursunuz?
Nəzrin: Hər ikimiz.
- Nə düşünürsünüz, bu müsabiqə sizə nə verdi?
Nərmin: Dünyagörüşümüz artdı, belə yarışlarda özümüzə inam, təcrübə qazanırıq.
Nəzrin: Bu yarışma məntiqi biliklərimizin artmasına köməklik göstərdi.
- Bundan əvvəl siz başqa olimpiadalara da qatılmısınız. Bu yarışmanın fərqi nədə idi?
Nəzrin: Bu yarışma daha çox yaradıcılıq, daha çox məntiqi düşüncə tələb edirdi. Buna görə də xeyli fərqli idi.
- Belə hazırlıqlı olmağınızda ailənizin rolu varmı? Bir az ailənizdən danışın.
Nəzrin: Ailədə beş nəfərik - anam, atam, bacım, qardaşım və mən. Atam bank sahəsində çalışır. Anam məktəbimizdə biologiya məllimidir, qardaşım isə balacadır, 4-cü sinifdə oxuyur.
- Siz böyüyəndə hansı ixtisası seçmək istərdiniz?
Nərmin: Mən iqtisadçı olmaq istəyirəm. Atamın yolu ilə getmək istəyirəm.
Nəzrin: Mən isə həkim olmaq istəyirəm. Anam bioloqdur, mən də o istiqamətə yönəlmək, bu məsələdə bir az da dərinə getmək istəyirəm.
- Biliklərinizdə məktəbin, yoxsa fərdi hazırlığın rolu çoxdur? Necə hazırlaşırsınız?
Nərmin: Evdə bir yerdə hazırlaşırıq, amma əsas bilikləri məktəbdə alırıq. Məktəbimizdən razıyıq, çünki tədrisin səviyyəsi yüksəkdir.
- Dərsdən sonra nə işlə məşğulsunuz? Hobbiniz varmı?
Nəzrin: Bəli, mən şeir yazıram. Əsasən Vətən barədə şeirlər yazıram. Şahmatla da məşğul oluram, şahmat yarışlarında iştirak etmişəm. Boş vaxtlarımda musiqi dinləməyi xoşlayıram.
Nərmin: Mən isə daha çox şahmat oynamağı xoşlayıram. Futbola baxmaq, musiqi dinləmək də çox xoşuma gəlir. Türkiyə və Azərğaycanın müasir musiqilərini dinləyirəm.
- Qatıldığınız bu onlayn olimpiada kimi tədbirdə bir də iştirak etmək istərdinizmi? Sizcə belə tədbirlər gənclərə nə verir?
Nərmin: Belə tədbirlər Azərbaycan gənclərinin intellekt səviyəsiniin artmasına yardım edir. Şagirdlər arasında daha çox rəqabət yaranır, biliyə qiymət verilir. Bu cür onlayn olimpiadaların davamlı keçirilməsini çox istəyirik.

http://youthportal.az/az/news/detail.php?ID=26350