Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Gələcəyin polisi onlayn olimpiadada üçüncü oldu

Siyəzən rayon 5 saylı orta məktəbin 9-cu sinif şagirdi Ceyhun Əlixanovun bu günlərdə qazandığı uğur həm özünü, həm də ailəsini sevindirib. O, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş “İstedadların hazırlığı laboratoriyası” adlı onlayn olimpiadaya respublikanın hər yerindən qatılmış 1700 məktəbli arasında 3-cü olub. Nazirlik tərəfindən ilin aprel ayında gerçəkləşdirilmiş layihənin məqsədi riyaziyyat, fizika, kimya və məntiq elmləri sahəsində istedadlı yeniyetmələri üzə çıxarmaq olub. “Youthportal.az”a verdiyi müsahibədən aydın olub ki, qardaşları arasında ilk dəfə belə yüksək uğur qazanan Ceyhun özündən kiçik ailə üzvləri üçün də örnək olub.

- Müsabiqəyə qatılmaq qərarını nə vaxt verdin?
- Bunu mənə sinif rəhbərimiz tövsiyyə etdi. Sayt barədə məlumat verdi. Evdə fərdi kompüterim olduğundan mən özümü sınamaq qərarına gəldim.
- Suallar müəyyən qədər çətin idi, bunlara necə hazırlaşmışdın? Məktəbdə, yoxsa evdə fərdi şəkildə hazırlaşırsan?
- Məktəbdə də, evdə də hazırlaşıram. Hər ikisinin yardımı olur.
- Evdə dərsləri hazırlamağa imkan varmı? Ailədə neçə nəfərsiniz?
- Ailəmiz böyükdür, səkkiz nəfərik - anam, atam, bir də biz altı qardaş bir yerdə yaşayırıq.
- Qardaşların da məktəblidir?
- İki qardaşım məndən böyükdür, onlar tikinti sahəsində işləyirlər. Atam isə neftçidir. Məndən kiçik olan iki qardaşım isə məktəblidir, aşağı sinifdə oxuyurlar.
- Böyüyəndə bəs sən olmaq istəyirsən?
- Mən polis olmaq istəyirəm. Bu sənətə marağım var. Düşünürəm ki, polis olmasa, cəmiyyətdə nizam-intizam da olmaz, insanların qanunlara riyaət etməsi çətinləşər.
- Hobbin varmı? Boş vaxtlarında nə işlə məşğul olursan?
- İdmanla məşğulam. Güləşirəm. Düşünürəm ki, gələcəyin polisinin fiziki hazırlığı güclü olmalıdır.

http://youthportal.az/az/news/detail.php?ID=26079