Olimpiada 2019-un onlayn turları sona çatmışdır

Mingəçevirli gənc: onlayn olimpiada özümə düzgün qiymət verməyi öyrətdi

Mingəçevir şəhər təbiət, riyaziyyat və humanitar elmləri təmayüllü litseyin 9-cu sinif şagirdi Etibar Abbasov qatıldığı bir onlayn-olimpiadadan sonra özünə bir az tənqidçi yanaşmağa başlayıb. Söhbət Gənclər və İdman Nazirliyi tərəfindən gerçəkləşdirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən onlayn olimpiadadan gedir. 2013-cü ilin aprel ayından keçirilməyə başlamış onlayn olimpiadanın məqsədi riyaziyyat, fizika, kimya və məntiq elmləri sahəsində istedadlı yeniyetmələri üzə çıxarmaqdır. Etibar Abbasov olimpiadanın I-ci turunda mümkün 10 baldan 7-ni toplayraq liderlər qrupuna girə bilib. Amma bu nəticə Etibara bir şeyi də başa salıb - məntiqdən hələ bilmədiyi çox şey var. Çünki Etibarın 10 suala yazdığı cavablardan yalnız 7-i doğru çıxıb. Mingəçevirli gənc bu barədə “Youthportal.az” saytına verdiyi müsahibədə bildirib.

- Onlayn müsabiqə barədə hardan eşitdin?
- Sinif rəhbəri dedi, həm də məktəb səviyyəsində yaxşı oxuyan uşaqları toplayaraq internetlə olimpiadaya qatılmağı tövsiyyə etdilər.
- İndiyə kimi belə olimpiadalara qatılmışdın?
- Onlayn yox, amma bu il respublika üzrə kimya olimpiadasına qatılmışam, üçüncü yer tutmuşam.
- Bu iki olimpiadanın fərqi nədə idi?
- Əsas fərqi bu olimpiadanın məntiqdən olmasında idi. Həm də onlayn olması üzündən bəzi texniki məsələlər də var idi. Yəni iştirakçı çox olduğundan cavabları sayta daxil etmək üçün gözləmək lazım gəlirdi. Bir fərqi də sualların açıq olmamasında idi. Yəni sualın qarşısında dörd-beş cavab verilir və sən məntiqini işlədib ən doğru cavabı verməlisən.
- Amma istənilən halda yetərincə savadlı olmaq lazım gəlirdi, yəqin ki…
- Hə, əlbəttə, orada riyaziyyata aid suallar var idi ki, onları bilmək mütləq vacib idi.
- Bu biliyi əldə etmək üçün özün hazırlaşmışdın, yoxsa məktəbdə keçmişdilər? Sənin hazırlaşmaığında məktəbin rolu nə qədərdir?
- Riyaziyyatı yaxşı bildiyimdən, məntiqi daha yaxşı qavradım. Məktəbdə bizi çox yaxşı hazırlayırlar, hər halda litseydir. Valideynlərim də yaxşı oxumağım üçün mənə dəstək olurlar.
- Harada işləyirlər ki?
- Anam evdar qadındır, atam isə hərbçi. Riyaziyyata həvəs mənə irsən keçib. Rəhmətlik babam da riyaziyyat müəllimi olub. Atam isə hərbçi olmaığına baxmayaraq, riyaziyyatı yaxşı bilir.
- Ailədə cəmi üç nəfərsiniz?
- Yox, məndən kiçik bir bacım da var.
- Böyüyəndə sən də hərbçi olmaq istəyirsən?
- Yox, insan genetiki olmağı düşünürəm. Biokimyaçı olmaq arzumdur, laboratoriya kimyasından çox xoşum gəlir.
- Hobbin necə, varmı?
- Şahmat oynamağı çox sevirəm. Arada imkan olan kimi oynayıram. Dərəcə də almışam, birinci dərəcəli şahmatçıyam. Tarixi və fantastik filmlərə baxmağı da çox sevirəm.
- Bu olimpiadadan sonra özündə hər hansı bir dəyişiklik duydunmu?
- Mənə vəziyyəti düzgün qiymətləndirməyi öyrətdi. Əvvəllər nə yazırdım, hamısı düz çıxırdı. Amma demək belə deyilmiş. Burada 10 dənə suala cavab yazmışdım - yeddisi düz idi, üçü səhv çıxdı. Anladım ki, heç də hər şeyi düz bilmirəm.

http://youthportal.az/az/news/detail.php?ID=26865